Rusiya baş nazirinin müavini Aleksey Overçuk hesab edir ki, hazırda Cənubi Qafqazda nəqliyyat-logistika sahəsində unikal imkan yaranıb.
“Son hadisələr kontekstində regionda (Cənubi Qafqazda – İF) nəqliyyat-logistika sahəsində unikal imkan yaranır”, - deyə Overçuk bu gün Bakıda keçirilən “Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin müasir vəziyyəti və perspektivləri” adlı konfransda bildirib.
O əlavə edib ki, “hazırda biz bu istiqamətdə fəal işləyirik”.
Overçuk, həmçinin “Şimal-Cənub”, “Qərb-Şərq” beynəlxalq nəqliyyat dəhlizlərinin imkanları, regionda dəmir yolu və avtomobil marşrutlarının inkişaf etdirilməsi məsələsinə də toxunub.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycan iqtisadiyyatına ümumi investisiyaları $4,5 milyard təşkil edir, Azərbaycanın Rusiya iqtisadiyyatına sərmayələri isə $1,5 milyarda çatıb. “Bu il Rusiya $700 milyon dəyərində Azərbaycan məhsulları idxal edib. Bunlar yaxşı göstəricilərdir. Rusiya şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır”, - deyə RF baş nazirinin müavini əlavə edib.*
B.Rüstəmbəyov