Rusiya şirkətləri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində (Qarabağ və Şərqi Zəngəzur – İF) həyata keçirmək üçün 13 layihə təqdim ediblər. Bunu bu gün baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən “Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri” adlı konfransda deyib.
“Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirmək üçün 13 layihə təqdim ediblər. Artıq belə layihələrdən birinin (“KamAZ” şirkətinin layihəsi) “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ərazisində həyata keçirilməsinə başlanılıb”,- deyə Ş.Mustafayev bildirib.
O, həmçinin qeyd edib ki, 2021-ci ilin 10 ayının yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 7% artaraq $2 milyard 350 milyon təşkil edib. “2019-cu ildə ticarət dövriyyəmiz $3 milyardı ötsə də, 2020-ci ildə pandemiya ilə əlaqədar azalıb. Ümid edirəm ki, 2022-ci ildə pandemiyaya qədərki səviyyəyə çatacağıq”, - deyə baş nazirin müavini əlavə edib.
Xəbər verildiyi kimi, indiyədək xarici və Azərbaycan şirkətləri hökumətə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirmək üçün 921 layihə, o cümlədən 283 investisiya layihəsi təqdim ediblər.*
B.Rüstəmbəyov