Azərbaycan Avrasiya İqtisadi Birliyində (AİB) müşahidəçi statusu əldə etsə, təşkilat ölkələri ilə əməkdaşlıqdan daha çox faydalanacaq. Bunu bu gün Bakıda jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“AİB-də müşahidəçi statusu Azərbaycana əməkdaşlıqdan daha çox fayda əldə etməyə imkan verəcək. Azərbaycanda Avrasiya İqtisadi Birliyi, onun fəaliyyəti haqqında çox az adamın məlumatı var. Əhalinin 30-40%-i belə bir qurumdan xəbərsizdir. Odur ki, məlumatlılıq səviyyəsini artırmaq lazımdır”, - deyə o bildirib.
Overçukun sözlərinə görə, müşahidəçi statusu Azərbaycana işçi orqanların fəaliyyətində iştirak etmək imkanı verəcək. “Daha çox məlumatlı olduqca, əməkdaşlıqdan daha çox fayda əldə etmək olar”, - deyə baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, dekabrın 10-da Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycana AİB-də müşahidəçi statusunun verilməsi üçün ölkə ilə danışıqların aparılmasını təklif edib.*
B.Rüstəmbəyov