Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 3 müəssisəsinin RF-yə pomidor və alma tədarük etməsinə icazə verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir.
Qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə alma və pomidor yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.
Hazırda Azərbaycanda 214 müəssisə və 1 kooperativin Rusiyaya pomidor, 79 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.
“Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə məhdudiyyətlər qoyub. Adıçəkilən məhsullarda Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny) və şərq almaqurdunun (Grapholita molesta (Busck) aşkarlandığı bildirilib.*