Prezident İlham Əliyev “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” fərman imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş fərmanda deyilir: “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən, dövlət mənzil fonduna aid çoxmənzilli binalarda yerləşən mənzillərin özəlləşdirilməsi həmin mənzillərin satışı yolu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilsin”.
Nazirlər Kabinetinə mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasının layihəsini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənzillərin satışından əldə olunan vəsait hesabına yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər görmək tapşırılıb.*
B.Rüstəmbəyov