Zəngəzur dəhlizi region üçün mühüm nəqliyyat-logistik əhəmiyyət kəsb edir, çünki digər iri nəqliyyat marşrutlarının – “Şimal-Cənub” və “Şərq-Qərb” marşrutlarının kəsişmə nöqtəsidir. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov CBC telekanalına müsahibəsində deyib.
“Son iki onillikdə Azərbaycan nəqliyyat-logistika infrastrukturuna böyük investisiyalar yatırıb. Müxtəlif nəqliyyat-logistika marşrutlarına, xüsusilə “Şərq-Qərb” və “Şimal-Cənub” marşrutlarına dövlət və özəl investisiyalar yatırılır. Bu baxımdan Zəngəzur dəhlizi böyük rol oynayır, çünki bu, həm Şimal-Cənub marşrutunun, həm də Şərq-Qərb marşrutunun kəsişməsi olaraq gördüyümüz nöqtədir”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin bu cür əhəmiyyəti bir neçə səbəbdən qaynaqlanır. “Xüsusilə biz həm də SSRİ dövründə mövcud olan infrastrukturun bərpasından danışırıq. İran və Azərbaycan dəmir yollarının giriş və kəsişmə nöqtələri Naxçıvanda, xüsusilə Culfada yerləşirdi. Bundan başqa, bu gün hətta birbaşa dəmir yolu əlaqəsinin olmadığı şəraitdə belə “Şimal-Cənub” marşrutu ilə və əks istiqamətdə ticarətin böyük həcminin Azərbaycandan keçdiyini nəzərə alsaq, yeni dəhliz iqtisadi cəhətdən İranın, Türkiyənin, eləcə də digər region ölkələrinin ayrı-ayrı əyalətlərindən mövcud nəqliyyat infrastrukturuna çıxış imkanı yaradır”, - deyə M.Cabbarov qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan iqtisadi-ticarət münasibətlərini genişləndirir, qeyri-neft ixracını artırır (2021-ci ilin 11 ayı ərzində artım 44% təşkil edib).
Onun sözlərinə görə, bu, Azərbaycan və Türkiyə arasında “Preferensial ticarət haqqında” sazişin qüvvəyə minməsi (1 mart 2021-ci ildən) ilə əlaqədardır. Bu sazişə əsasən, Azərbaycandan Türkiyə bazarına tədarük edilən malların nomenklaturası əhəmiyyətli dərəcədə artıb. Qeyri-neft ixracının həcminin yüksək artımı bir sıra Azərbaycan mallarının Türkiyə bazarına sıfır və ya minimum gömrük rüsumu ilə daxil olması ilə bağlıdır. Ona görə də Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat kommunikasiyalarının olması Naxçıvan mallarının az təmsil olunduqları bazarlara daha fəal çıxmasına gətirib çıxaracaq. Bu gün Naxçıvandan mallar əsasən Türkiyə və İran istiqamətində ixrac olunur. Yeni nəqliyyat dəhlizi Naxçıvan mallarının xüsusilə Qara dəniz limanlarına daha asan çıxışına imkan verir və Türkiyəyə ixrac üçün əlavə imkanlar yaradır”, - deyə o vurğulayıb.
M.Cabbarov qeyd edib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması təkcə regionun üç ölkəsi üçün deyil, həm də böyük qonşu ölkələr – RF, Türkiyə və İran üçün də faydalıdır. “Regionun nəqliyyat-logistika sistemi, xüsusilə qış aylarında iqlim şəraiti hazırkı dövrdə ixracın dinamikasına, eləcə də bu məhsulların nomenklaturasına təsir göstərir. Buna görə də dəmir yolu sistemlərinin, eləcə də avtomobil yollarının gələcək inkişafı həmin iqtisadi inkişaf prosesinin, digər tərəfdən isə region ölkələrinin təbii şəkildə baş verən və iqtisadi səbəblərin diktə etdiyi iqtisadi inteqrasiyasının təbii davamıdır”, – deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, bütün bu amilləri nəzərə alaraq, “biz Azərbaycanda istehsal olunan malların rəqabət qabiliyyətinin, ixrac tərkib hissəsinin, o cümlədən tranzitin artması baxımından böyük səmərə gözləyirik, çünki region ölkələrinin maraqları bu nöqtədə kəsişir”
Cabbarov hesab edir ki, yeni nəqliyyat dəhlizinin mövcudluğu bütövlükdə bütün bu istiqamətlərdə yük daşımalarının həcminin artmasına xidmət edəcək.
O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi cəhətdən bərpasına da toxunub. “Bütövlükdə, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə həyata keçirilən işlər nəticəsində on minlərlə iş yerinin, yeni sənaye sahələrinin yaradılacağını gözləyirik. Dağ-mədən sənayesi, kənd təsərrüfatı, daxili və xarici turizmin artacağını proqnozlaşdırırıq. Nəqliyyat-logistika sektoru isə ətrafında azad edilmiş regionların iqtisadiyyatının qurulacağı lövbərlərdən biri olacaq", - deyə iqtisadiyyat naziri vurğulayıb.*
E.Şəfiyev