Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi və Cənubi Qafqazda kommunikasiyaların açılması məsələləri müzakirə edilib.
“Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunub. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilib”, - deyə dövlət başçısının saytında dərc olunmuş məlumatda qeyd olunur.
A.Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulanıb.
“Söhbət zamanı Rusiya-Azərbaycan-Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiyanın fəaliyyətinə toxunulub, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov