Prezident İlham Əliyev dekabrın 17-də “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat (hazırda 250 manat) müəyyən edilir. Beləliklə, gələn ildən ölkədə minimum aylıq əməkhaqqının məbləği 20% artır.
Ümumilikdə minimum əməkhaqqının artımı 800 min nəfərə, o cümlədən dövlət sektoru üzrə 400 min nəfərə, özəl sektor üzrə 400 min nəfərə şamil olunacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Son üç ildə ölkədə həyata keçirilən sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 300 manata çatdırılıb.
2022-ci ildə minimum əməkhaqqı gələn il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43% üstələyəcək.
2022-ci ildə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 40-41% təşkil edəcək. 2018-ci ildə həmin nisbət 26,5% olub.*
B.Rüstəmbəyov