Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 25 baza bəndi - 7,25%-dək yüksəldib. Bu barədə bankın məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb, yuxarı həddi isə 8%-dən 8.25%-ə yüksəldilib.
2021-ci ilin sentyabr-dekabr ayları ərzində AMB tərəfindən uçot dərəcəsi ardıcıl olaraq üçüncü dəfədir artırılır. 2021-ci ildə keçirilmiş 5 iclasda (yanvar-iyul aylarında) Mərkəzi Bank uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul etmişdi.
Uçot dərəcəsinin 7,25%-dək yüksəldilməsi haqqında qərar 17 dekabr 2021-ci ildən qüvvəyə minib.
AMB qeyd edir ki, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlarinflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.*
A.Əzizov