Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 6.3-6.6%, illik inflyasiyanı isə 11.4-11.9% səviyyəsində gözləyir. Bu barədə AMB-nin məlumatında deyilir.
“İnflyasiya təzyiqləri artır. Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1.5%, 12 aylıq inflyasiya 11.1%, orta illik inflyasiya 6.2% təşkil edib. Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir”, - deyə məlumatda bildirilir.
Baza proqnozuna görə, inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə (4%) doğru hərəkət edəcək.
AMB illik inflyasiyanın artmasını əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, dünya ərzaq qiymətləri son ildə 27.3% yüksəlib. Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21.4% yüksəlib.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ildə orta illik inflyasiyanı 6%, 2022-ci ildə 4% səviyyəsində proqnozlaşdırır.*
A.Əzizov