2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 4.4% artaraq $53 milyardı üstələyib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Ehtiyatların artması müsbət meyillərlə, o cümlədən neftin bahalaşması ilə şərtlənib. Xüsusilə 2021-ci ilin ötən dövründə Brent markalı neftin orta qiyməti $71 təşkil edib.
“Tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4.4% ($2.2 milyard) artaraq $53 milyardı üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir”, - deyə məlumatda vurğulanır.
Cari ilin 11 ayında Mərkəzi Bankın ehtiyatları 10.2% artaraq $7 milyardı üstələyib.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
2014-cü il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları pik səviyyədə - $53,7 milyard məbləğində olub. 2014-cü ilin IV rübündə valyuta ehtiyatlarının azalması prosesi başlayıb. Valyuta ehtiyatlarının milli valyutanın məzənnəsinin dəstəklənməsinə yönəldilməsi ilə əlaqədar azalma prosesi 2015-2016-cı illərdə də davam edib. 2017-ci ildən etibarən valyuta ehtiyatlarının artımı bərpa olunub və bu tendensiya 2018-2021-ci illərdə də davam edir.*
A.Əzizov