Prezident İlham Əliyev təhsil sistemində və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 2022-ci il yanvar ayının 1-dən artırılmasını nəzərdə tutan sərəncamlar imzalayıb.
2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40% artırılır.
Dövlət başçısının digər sərəncamı ilə 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20%, fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30%, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40% artırılır.
Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunacaq. Bu məqsədlə gələn ilin dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Bundan başqa, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Heydər Əliyev Mərkəzi, 20 müxtəlif mərkəz, fond və qurum) çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılır.
Sərəncam 4 min şəxsi əhatə edəcək və bu məqsədlə dövlət büdcəsində 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
Prezident İlham Əliyev 2021-ci ilin oktyabr ayında hökumətə əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq verib. 2022-ci ildə 2,1 milyondan çox şəxsi əhatə edəcək bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1,5 milyard manat vəsait ayrılacaq.*
E.Şəfiyev