Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu “3+3” əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.
“Dekabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşü keçirilib. Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən “3+3” əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post-münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.
Bayramov və Çavuşoğlu iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.*
A.Salayeva