2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 8 milyard 612,1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 4 milyard 232,6 milyon manat məbləğində heyvandarlıq, 4 milyard 379,5 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 4,8% artıb.
11 ay ərzində respublikada 507,3 min ton ət (artım 3,2%), 1 milyon 999,3 min ton süd (artım 1,4%), 16 min ton yun (artım 0,1%), 497,4 ton barama (artım 11,4%) və 1 milyard 687,3 milyon ədəd yumurta (azalma 3,5%) istehsal edilib.
DSK-nın məlumatına görə, kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Dekabr ayının 1-nə kimi 1 milyon 789,3 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,6% çox tərəvəz toplanıb.
Xüsusilə, tarlalardan 1 milyon 39,3 min ton kartof (artım 2,4%), qarğıdalı da daxil olmaqla 3 milyon 349,1 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (artım 3,9%), 459,9 min ton bostan məhsulları (artım 2,6%), 1 milyon 193 min ton meyvə və giləmeyvə (artım 6,4%), 205 min ton üzüm (artım 1,7%), 1 min 175 ton yaşıl çay yarpağı (artım 26,2%), 187,4 min ton şəkər çuğunduru (artım 22,8%), 271,8 min ton pambıq (azalma 17,2%), 25,7 min ton günəbaxan (artım 4%) və 6,4 min ton tütün (azalma 2,1%) yığılıb.
Bu il 1 milyon 24,1 min hektar sahədə payızlıq şum aparılıb. 2022-ci ilin məhsulu üçün 859,1 min hektar sahədə payızlıq bitkilər səpilib. Bunun 509,1min hektarını buğda, 349,8 min hektarını arpa, 0,2 min hektarını çovdar təşkil edib.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.**
X.Nəsirzadə