Azərbaycan Respublikasının baş naziri Əli Əsədov “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nı təsdiq edib.
Qaydaların mətni Nazirlər Kabinetinin saytında dərc olunub.
Qaydalara əsasən, kotirovka sorğusunda iştirak haqqı 100 manat təşkil edəcək.
Sənədə əsasən, iştirak haqları aşağıdakı kimidir: ehtimal olunan qiyməti (yuxarı hədlər daxil olmaqla) elan edilmiş açıq tenderlər: 50 min manatadək - 100 manat, 50 min manatdan 100 min manatadək - 150 manat, 100 min manatdan 200 min manatadək - 250 manat, 200 min manatdan 500 min manatadək - 350 manat, 500 min manatdan 1 milyon manatadək - 450 manat, 1 milyon manatdan 2 milyon manatadək - 600 manat, 2 milyon manatdan 4 milyon manatadək - 1000 manat, 4 milyon manatdan 3 milyon ABŞ dollarının manat ekvivalentində olan məbləğədək 1500 manat.
Qayadalar çərçivəsində elektron satınalma vasitəsilə keçirilən satınalmalardan əldə olunan vəsaitdən dövlət satınalmalarının vahid internet portalını (bundan sonra – internet portalı) istismar etmək, təkmilləşdirmək və saxlamaq, internet portalının təhlükəsizliyini, digər dövlət qurumları ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər sisteminin qorunmasını təmin etmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək, elmi-texniki potensialını artırmaq və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur. **
X.Nəsirzadə