2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 14,9% - 16 milyard 700,56 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 786,3 milyon manat (hesabat dövründə azalma 11,9% - İF) və ya bütün kreditlərin 4,7%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
Dekabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 3 milyard 238,6 milyon manat (artım 16,6%) və ya bütün kreditlərin 19,4%-i, özəl banklar tərəfindən 13 milyard 43,3 milyon manat (artım 14,6%) və ya bütün kreditlərin 78,1%-i həcmində kredit verilib. Qalan 418,6 milyon manat (artım 12,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2021-ci il dekabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 12 milyard 271,3 milyon manat (artım 20,3%) milli valyuta, 4 milyard 429,2 milyon manat (artım 2,4%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 26,5% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il dekabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 868,5 milyon manat (bütün kreditlərin 17,2%-i) ticarət və xidmət sahələrinin, 734,3 milyon manat (4,4%) energetika, mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 578,6 milyon manat (3,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 879,9 milyon manat (5,4%) tikinti və daşınmaz əmlak sahələrinin, 938,6 milyon manat (5,6%) sənaye və istehsal sektorunun, 743,01 milyon manat (4,4%) nəqliyyat və rabitə sahələrinin, 8 milyard 322,8 milyon manat (49,8%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-noyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 24% artıb.**
X.Nəsirzadə