BP şirkəti Abşeron yarımadasının dayazsulu hissəsində (Shallow Water Absheron Peninsula, SWAP) ikinci geoloji-kəşfiyyat quyusunu qazmağa başlayıb.
“Xəzərin Azərbaycan sektorunda Abşeron Yarımadasının Dayazsulu Hissəsində (SWAP) ikinci geoloji-kəşfiyyat quyusunun qazma işlərinə dekabrın 11-də başlanılıb. Qazma işləri “Satti” özüqalxan qazma qurğusu vasitəsilə həyata keçirilir”, - şirkət məlumat verir.
İkinci kəşfiyyat quyusunun qazma işləri müqavilə sahəsinin qərb perspektiv hissəsində aparılır, quyunun dərinliyi 4400 metr təşkil edəcək.
Qazma işləri, gözlənildiyi kimi, 4 ay davam edəcək. “Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi gözlənilir», - şirkət qeyd edir.
İkinci quyunun qazma işləri sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir.
Xəbər verildiyi kimi, “Lukoil” 2021-ci il sentyabrın 28-də BP şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Shallow Water Absheron Peninsula (SWAP) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni əldə etməsi haqqında saziş imzalayıb. Sövdələşmə bitdikdən sonra BP 25% payla layihənin operatoru olaraq qalacaq. Layihənin üçüncü iştirakçısı 50% payla SOCAR şirkətidir.
Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında imzalanıb.
2016-cı ildə müqavilə sahəsində 3D seysmik tədqiqat proqramı həyata keçirilib. Müqavilə sahəsindən əldə edilmiş 3D məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə BP tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib.
Ümumilikdə, layihə çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır. 2021-ci ilin avqust ayında Şimal Xali perspektiv sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılıb. 2021-ci ilin noyabr ayının sonunadək ikinci quyuda, 2022-ci ildə isə üçüncü quyuda qazma işlərinə başlanılması planlaşdırılır.**
B.Rüstəmbəyov