Rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini ölkə prezidenti İlham Əliyevin savadlı siyasəti müəyyən etdi.
“Qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsində qələbə Azərbaycanın dövlət quruculuğunun bütün istiqamətləri, iqtisadiyyatın inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, həmçinin Cənubi Qafqaz regionunda ən yaxşı orudunun qurulması üzrə uğurlarının sintezi idi. Bütün bunlar prezident İlham Əliyevin yürütdüyü və tədricən həyata keçirdiyi çox zəhmət tələb edən, illər boyu davam edən, səmərəli fəaliyyəti hesabına mümkün olub”, - Korotçenko çərşənbə günü Azərbaycan–Rusiya münasibətləri,müasir Azərbaycanın inkişafında prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn dəyirmi masada bildirib.
Rusiyalı ekspertin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişənin həlli məsələsində, prezident Əliyevin siyasəti sayəsində hərbi əməliyyatlar aparmadan bir sıra rayonları geri qaytarmaq mümkün oldu (Ağdam, Kəlbəcər və Laçın - İF).
“Bir sıra rayonlar üçtərəfli bəyanatın imzalanması nəticəsində, ümumiyyətlə hərbi əməliyyatlar keçirilmədən azad ediliblər. Bu da prezident İlham Əliyevin diplomatik inkişaf yolunda həyata keçirdiyi diplomatik fəaliyyətinin zəfəridir. Azərbaycan dünyanın izlədiyi və nümunə olan ölkələr sırasına qalxdı. Əliyevin rəhbərliyi altında Azərbaycan ən mühüm beynəlxalq proseslərin gedişini müəyyən edən ölkələrdən birinə çevrildi”, - Korotçenko vurğulayıb.
Onun sözlərinə görə, prezidentin uğurlu siyasəti sayəsində Azərbaycan dünya baraında karbohidrogen tədarükçü-ölkələrin sırasına daxil olub. “Bir sıra Avropa ölkələri, Türkiyə, digər tərəfdaşlarla imzalanmış müqavilələr sayəsində Azərbaycan, dövlət və xalqa xidmət edən təbii sərvətlərdən səmərəli istifadə edə bildi. Azərbaycan dünyaya zərbə vuran, koronavirus pandemiyası da daxil olmaqla, iqtisadi böhranların uğurla öhdəsindən gəlib. Azərbaycan öz iqtisadi modelinin möhkəmliyini sübut edib və bu gün Azərbaycan Avropa ölkələrinə neft və qaz tədarükü üzrə bir sıra ən iri layihələri reallaşdıraraq, çoxtərəfli əməkdaşlıq formatı konsepsiyasını reallaşdıraraq, Aİ-nin enerji təhlükəsizliyinin qarantlarından biridir”, - Korotçenko deyib.
Eyni zamanda, politoloq qeyd edib ki, Rusiya Azərbaycanı ən mühüm strateji tərəfdaş olaraq nəzərdən keçirir. “Rusiya prezidenti (Vladimir Putin - İF) həm siyasət, iqtisadiyyat, hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində Moskva ilə Bakı arasında münasibətlərin bütün kompleksinin zəruri olduğunu dəfələrlə vurğulayıb”, - Korotçenko əlavə edib. **
X.Nəsirzadə