Azərbaycan və Türkiyə energetika və filiz-mədən sahələrində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.
Çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Türkiyə I Enerji Forumunun yekunlarına dair Protokol, həmçinin beş saziş imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Xüsusilə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumu”nu imzalayıblar.
Bundan əlavə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Həmçinin, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində anlaşma memorandumu" və “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair anlaşma memorandumu” imzalanıb.
Həmçinin, “Azərenerji ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokolu imzalanıb. **
N.Abbasova