İran şirkətləri Qarabağın və Şərqi Zəngəzurun bərpasında iştirak etmək istəyirlər. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib.
“İran şəhərlərin və rayonların (Qarabağın və Şərqi Zəngəzurun - İF) bərpası işlərində iştirak etmək, həmçinin tikinti, nəqliyyat sahsində təcrübəsi ilə bölüşmək istəyir. Biz Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırıq. Nazir Bayramovla bu istiqamətdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində məsləhətləşmələrin keçirilməsinə dair razılığa gəldik, bu da müştərək layihələrin reallaşdırılmasına yardım edəcək”, - Abdullahian çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində qeyd edib ki, İranın dövlət və özəl şirkətlərindən azad edilmiş rayonların bərpası məsələləri ilə bağlı çoxsaylı təkliflər, layihələr daxil olub.
“Hazırda həmin təkliflərin və layihələrin qiymətləndirilməsi həyata keçirilir. Əldə olunan məlumata görə, yaxın həftələrdə bu layihələrdən birinə start veriləcək, ümid edirəm ki, digər layihələr üzrə həmçinin müsbəıt nəticələr əldə olunacaq”, - Bayramov qeyd edib.
O cümlədən, azərbaycanlı nazir qeyd edib ki, bugünkü danışıqlar zamanı Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənmə sahəsində əməkdaşlıq məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Aidiyyəti strukturlar səviyyəsində danışıqların davam etdirilməsi ilə əlaqədar razılıq əldə olunub. İran tərəfi bu sahədə zəngin təcrübəyə malikdir, bizim yardıma ehtiyacımız var, çünki 10 min kvadrat km sahəsi olan ərazi dünyada ən çox minalanmış ərazilərdən biridir”, - Bayramov vurğulayıb. **
X.Nəsirzadə