2021-ci ildə “AzerGold" QSC indiyədək daxili bazarda 3,6 min unsiya qızıl və 14,6 min unsiya gümüş realizə edib. Bu barədə “İnterfaks-Azərbaycan”a QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib.
“AzerGold” daxili bazarda əlvan metalları həm xammal, həm də hazır məhsul (külçə və sikkə) şəklində satır. Operativ məlumatlara əsasən, deyə bilərəm ki, indiyədək daxili bazarda 11,6 milyon manat ($6,8 milyon – İF) ümumi məbləğdə bütövlükdə 3,6 min unsiya qızıl və 14,6 min unsiya gümüş satılıb”, - İbrahimov deyib.
O vurğulayıb ki, cari ilin əvvəlində vergi və gömrük qanunvericiliyində dəyişikliklər fonunda daxili bazarda qızıl və gümüş məmulatıarına tələb kəskin artıb.
“Qızıl məmulatların idxalınım aksizlərdən azad edilməsi, qızıl və gümüş satışının ƏDV-dən azad edilməsi də daxil olmaqla, xüsusi pərakəndə satışda böyük canlanmaya səbəb olub”, - İbrahimov qeyd edib.
O, həmçinin məlumat verib ki, “AzerGold” xammal kimi daxili bazarda “Azərsuvenir” MMC-yə 3,7 milyon manat ümumi məbləğində 966 min unsiyadan çox qızıl və 14,5 min unsiya gümüş satıb. Bu, “AzerGold”un daxili bazarda bütün satışlarının 30%-ni təşkil edib.
“Hazır məhsul, yəni külçə və sikkə formasında şirkət tərəfindən daxili bazarda 7,9 milyon manata 2694 unsiya qızıl və 86 unsiya gümüş satılıb (bütün daxili satıçların 70%-i)”, - İbrahimov deyib.
O qeyd edib ki, sentyabrda şirkətin özünün satış mərkəzi açılandan sonra satışların kəskin artımı qeydə alınıb.
“Sentyabr ayından etibarən ümumilikdə 6,9 milyon manatdan çox məbləğdə 2109 unsiya qızıl satılıb. Tələbat artıqca məhsullarımızın çeşidinin artırılmasına zərurət yaranıb və nəticə olaraq, daxili bazara əlvan metalların tədarükü artıb. Bu səbəbdən hasil olunan qızıl bir hissəsini yeni növ məmulatlar istehsal edərək daxili bazara yönəltdik. “AzerGold” bu istiqamətdə işi davam etdirəcək ki, yerli zərgərlik sənayesini inkişaf etdirsin, milli istehsala təkan versin və həyata keçirilən islahatları dəstəkləsin”, - o əlavə edib.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova