Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər münasibətlərin normallaşması ilə bağlı danışıqlar uğurlu olarsa, o zaman Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşə hazırdır.
“Türkiyə prezidenti ilə görüş barədə razılıq və ya ideya hələlik yoxdur. Lakin, əgər danışıqlar prosesi uğurla keçirilərsə, təbii ki, yüksək və ali səviyyədə görüşlər baş tutacaq”, - Paşinyan cümə günü videkonfras formatında mətbuat konfransında bildirib.
Ermənistan və Türkiyə münasibətlərin normallaşması ilə bağlı danışıqlara başlamaq və diplomatik əlaqələrin qurulması məqsədilə xüsusi nümayəndələr təyin ediblər.
Həmçinin, Paşinyan bildirib ki, Ermənistanda heç bir hakimiyyət bəyan etməyib ki, Ankara tərəfindən qondarma “erməni soyqırımının” tanınması Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün ilkin şərtdir.
Bundan başqa, o bəyan edib ki, Ermənistanla Türkiyə arasında hava əlaqəsinin bərpası üzrə fəaliyyəti müsbət qiymətləndirir.
“Biz bunu alqışlayırıq, münasibətlərin tənzimlənməsini gözləyirik, lakin anlamalıyıq ki, bu çox mürəkkəb məsələdir”, - Paşinyan deyib. **