Bakı Nəqliyyat Agentliyi (BNA) və İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun Böyük Şəhər Sistemlərinin İnnovativ İdarəçiliyi (IGLUS) proqramı arasında Bakı şəhərində Ağıllı Mobillik Laboratoriyasının ("Smart Mobility Lab") yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb.Bu barədə BNA-dan məlumat verilir.
Sənədi Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva və proqramın direktoru Matias Finger imzalayıblar.
Memorandumun məqsədi Bakı şəhərində ictimai nəqliyyat, şəhər mobilliyi və ağıllı şəhər infrastruktur sistemlərinin inkişafı sahəsində yerli mütəxəssislərin yetişdirilməsi və hazırkı mütəxəssislərin peşə səviyyəsinin artırılması üçün ilk dəfə olaraq Agentliyin nəzdində araşdırma laboratoriyasının qurulmasıdır.
“Laboratoriya vasitəsilə tərəflər Bakı şəhərində innovativ şəhərsalma yanaşmasının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlıq edəcək, eyni zamanda şəhərsalma, mobillik və ictimai nəqliyyatın tənzimlənməsi sahəsində bilik və təcrübə mübadiləsi üzrə birgə fəaliyyətlər həyata keçirəcəklər. Laboratoriya BNA-nın “Nəqliyyat Könüllüləri” proqramı vasitəsilə nəqliyyat sahəsində oxuyan və bu sahəyə marağı olan gənc kadrların yetişdirilməsi, həmçinin əməkdaşların potensialının artırılması üçün mühim rol oynayacaq”, - məlumatda deyilir.
IGLUS (Innovative Governance of Large Urban Systems) proramı 2011-ci ildə Lozanna Federal Texnologiya İnstitutu tərəfindən yaradılıb. IGLUS, yeni metodikalar və tətbiq nümunələri vasitəsilə şəhərlərin yeni inkişaf nəzəriyyələrini öyrənməyə, meqapolisləri idarə edənlərə təcrübə mübadiləsi həyata keçirməyə və eksperiment aparmaq, iqtisadi mənfəət və sosial fayda gətirəcək həllər tapmağa kömək edir. **
A.Salayeva