Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasından siyasi və iqtisadi fayda əldə edəcək. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Çikaqoda Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxıb. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır. Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb”, - deyə o qeyd edib.
İ.Kalının sözlərinə görə, Ankara və İrəvan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar.
“Dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”, - deyə o əlavə edib.*
N.Abbasova