Azərbaycan Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığa dair yeni sazişin razılaşdırılması üzrə danışıqları 2022-ci ildə başa çatdırmağa ümid edir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Daha əvvəl saziş layihəsinin mətninin 90%-dən çox hissəsinin razılaşdırıldığı bildirilmişdi.
“Azərbaycan Aİ ilə strateji tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqları 2022-ci ildə başa çatdırmağa ümid edir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, yeni saziş 4 bölmədən ibarətdir. “Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır, lakin onların sayı əhəmiyyətli dərəcədə azalıb”, - deyə C.Bayramov qeyd edib.
XİN başçısı əlavə edib ki, tərəflər bu ilin iyul ayından bu məsələ ilə bağlı fəal şəkildə dialoq aparır.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.*
X.Nəsirzadə