Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“2021-ci ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında dövlətlərarası məhkəmə prosesləri baş verdi. Bu istiqamətdə işlər artıq başlayıb və bu il ərzində Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində, eyni zamanda, BMT Beynəlxalq Məhkəməsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il tarixli Konvensiya çərçivəsində Ermənistana qarşı iddia qaldırıb. Qeyd edim ki, hər iki istiqamət üzrə iddialar qarşılıqlıdır”, - deyə C.Bayramov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq məhkəmədə Ermənistana qarşı iddialar qaldırmağa davam edəcək. “İki konvensiyanın pozulması (ekologiya və ətraf mühitə ziyanın vurulması, eləcə də Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi) ilə bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət edəcəyik. Bu, 2022-ci il üçün prioritetlərdən biridir”, - deyə nazir əlavə edib.*
E.Şəfiyev