Rəsmi Bakı Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan bütün ölkələrlə (Ermənistan istisna olmaqla) sıx iqtisadi əlaqələr saxlayır və bu münasibətləri 2022-ci ildə də inkişaf etdirmək niyyətindədir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Aİİ-nin üzvü olan ölkələrə gəldikdə isə, Azərbaycan Ermənistan istisna olmaqla, bütün bu ölkələrlə çox inkişaf etmiş normativ-hüquqi münasibətlərə malikdir. Onlar iqtisadi əlaqələri və təmasları çox yüksək səviyyədə inkişaf etdirməyə imkan verir. Bu münasibətlərin uğurla inkişaf etməsinə misal olaraq koronavirus pandemiyası dövrü istisna olmaqla, qarşılıqlı ticarət dövriyyəsinin davamlı artımını müşahidə etmişik. Hesab edirəm ki, 2022-ci ildə də iqtisadi göstəricilərin artımı davam edəcək”, - deyə C.Bayramov bu gün “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan təşkilatın üzvü olan bütün ölkələrlə münasibətləri ikitərəfli əsasda uğurla inkişaf etdirir. O, Azərbaycan ilə Aİİ ölkələri arasında vizasız rejim haqqında sazişlərin, azad ticarət haqqında sazişlərin, qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında sazişlərin, eləcə də çoxlu sayda sahəvi sazişlərin olmasını nümunə gətirib. Bütün bu sazişlər tərəflər arasında qarşılıqlı iqtisadi əlaqələri bundan sonra da inkişaf etdirməyə imkan verəcək.*
X.Nəsirzadə