Rəsmi Bakı və Tehran bir neçə ay ərzində ikitərəfli münasibətlərdə müşahidə olunan gərginliyi aradan qaldırıb, XİN-lərarası məsləhətləşmələrin keçirilməsi barədə razılıq əldə ediblər. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bir neçə ay əvvəl iki ölkə arasında gərginlik, müəyyən anlaşılmazlıqlar oldu. İranlı həmkarım Hüseyn Əmir Abdullahiyanla keçirdiyim 3 görüş zamanı ikitərəfli münasibətlərin normallaşması, bu anlaşılmazlığın aradan qaldırılması üçün fəal müzakirələr apardıq”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran XİN başçısının dekabrın 22-də Bakıya səfəri zamanı XİN-lərarası məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılıq əldə olunub.
“Hesab edirik ki, ən azı 6 aydan bir məsləhətləşmələr keçirilməlidir, çünki gündəlikdə çoxsaylı məsələlər durur, bu, çox vacibdir”, - deyə XİN başçısı vurğulayıb.
C.Bayramov əlavə edib ki, Bakı və Tehran birgə layihələrin həyata keçirilməsi üçün sıx əməkdaşlığı davam etdirəcək. “Yaxın zamanlarda Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçiriləcək. Bu tədbir çərçivəsində gələcək birgə layihələrin müzakirə edilməsi üçün yol xəritəsi hazırlanır”, - deyə o qeyd edib.*
X.Nəsirzadə