Anklavlar məsələsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi çərçivəsində həll edilməlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Anklavlar məsələsi bir reallıqdır, bunu kimsə inkar edə bilməz. Mübahisəli məqamlardan, müxtəlif xəritələrə istinadlardan asılı olmayaraq, hələ sovet dövründə onillər və ya yüzillər boyu mövcud olan yaşayış məntəqələri olub. Orada insanlar yaşayıb, sovet dövründə bu anklavlarla bağlı qərarlar qəbul edilib, dövlət və şəxsi mülkiyyətə aid binalar olub, ora sərmayələr qoyulub, fərdi obyektlər, onlara aid sənədlər, seçki məntəqələri olub. Anklavlar məsələsini inkar etmək mümkün deyil”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məsələlərin mövcud dönəmdə hansı formada həll edilməsi, kommunikasiya, yolların təmin edilməsi, eləcə də bir sıra digər vacib məsələlər var. “Bütün bu məsələlərin həlli məhz delimitasiya prosesi zamanı baş verə bilər”, - deyə C.Bayramov vurğulayıb.*
E.Şəfiyev