Xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, “3+3” platforması regional məsələlərin səmərəli həll vasitəsidir.
““3+3” platformasının yaradılması təşəbbüsü Türkiyə, Rusiya və İran tərəfindən müsbət qarşılanıb. Yaxşı xəbər ondan ibarətdir ki, dekabrın 10-da Moskvada “3+3” və ya “2+3” formatında əməkdaşlıq platformasının birinci iclası keçirilib. İclas Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması məsələlərinə həsr olunmuşdu. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub”, - deyə nazir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, aktual regional məsələlərin masa arxasında müzakirə və həll edilməsi müsbət bir haldır. “Regional təhlükəsizlik, kommunikasiya gündəlikdə duran məsələlərdir”, - deyə C.Bayramov qeyd edib.
O, platforma çərçivəsində birinci iclası müsbət qiymətləndirib.
“Növbəti iclasın rotasiya əsasında keçirilməsi barədə razılıq əldə etdik. Platformanın işi Xarici İşlər nazirlikləri tərəfindən aparılacaq. Digər nazirliklərin də koordinasiyalı şəkildə prosesdə iştirakı istisna olunmur”, - deyə XİN başçısı vurğulayıb.
C.Bayramov qeyd edib ki, görüşdə iştirak etməkdən imtina edən Gürcüstanın mövqeyinə hörmətlə yanaşılıb.*
X.Nəsirzadə