İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
“Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı”, - deyə İsxak Hersoq 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
“Xalqlarımız arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir. Sizin xalqınız müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir”, – deyə o qeyd edib.
İsxak Hersoq, həmçinin bildirib ki, Azərbaycan Xəzər dənizi regionunda əlaqələrin normallaşdırılmasında həlledici rol oynaya bilər.
“Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, maliyyə sabitliyi və nüfuzlu diplomatiya ilə tərəqqi etmişdir. Sizin koronavirus pandemiyası ilə mübarizədə heyrətamiz addımlarınız səmərəli rəhbərliyinizin yalnız bir nümunəsidir”, - deyə təbrik məktubunda vurğulanır.*
N.Abbasova