Hazırda Azərbaycanda yeni koronavirus infeksiyasının “omicron” ştamına yoluxma qeydə alınmayıb. Bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev bəyan edib.
“İndiyədək Azərbaycanda “omicron” ştamına yoluxma qeydə alınmayıb. Hazırda ölkədə məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur”, - Musayev bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, qonşu ölkələrdə “omicron” ştamına yoluxma halları artıq qeydə alınıb, lakin Azərbaycanda onun müəyyən edilməsi, əsasən vaxt məsələsidir.
Öz növbəsində, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bəyan edib ki, əvvəlki aylarla müqayisədə hazırda Azərbaycan COVİD-19-a yoluxma əmsalının azalması müşahidə olunur.
“Son günlər ərzində koronavirusa yoluxma əmsalı 4-5%-dək azalıb, bu da bizim üçün çox yaxşı göstəricidir. Həftəlik statistik göstəriciləri müqayisə edərək, dekabrın ilk həftəsindən son həftəsinədək yoluxma hallarının sayı 59%, ölüm halları – 39% azalıb”, - Qarayeva vurğulayıb.
O, həmçinin qeyd edib ki, son 3 ay ərzində ən yüksək yoluxma əmsalı cari ilin noyabr ayında qeydə alınıb – 21%-dək. Ümumilikdə, onun sözlərinə görə, pandemiyanın əvvəlindən ən yüksək yoluxma əmsalı 2020-ci ilin noyabr-dekabr aylarında qeydə alınıb – 31%. **
X.Nəsirzadə