“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni İnternet Bank xidmətini təqdim edib.
“Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər”, - deyə bankın məlumatında bildirilir.
ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə İnternet Bank-a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq.
ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90%-nin İnternet Bank vasitəsilə yerinə yetirildiyini qeyd edib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur. ABB-nin nizamnamə kapitalı 1 milyard 224,478 milyon manatdır.*
R.Əhmədov