Müdafiə Nazirliyi Azərbaycan Ordusunun təşkilati-ştat strukturunu müasir orduların modelinə uyğun təkmilləşdirib. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov ilin yekunlarına dair brifinqdə deyib.
“Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb”, - deyə o bildirib.
A.Eyvazovun sözlərinə görə, Azərbaycan Türkiyə ilə hərbi sahədə sıx əməkdaşlığı davam etdirəcək.
“Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb. Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir. Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır”, - deyə mətbuat katibi qeyd edib.
O vurğulayıb ki, Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. “Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib”, - deyə A.Eyvazov bildirib.
O əlavə edib ki, Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də çoxtərəfli formatda birgə hərbi təlimləri davam etdirəcək.*
E.Şəfiyev