Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsin Ermənistan tərəfinə təhvil verilməsi barədə məlumat yayıb.
“Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 29 dekabr 2021-ci il tarixdə Macarıstan Respublikasının vasitəçiliyi ilə 5 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib. Həmin şəxslər 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan erməni əsilli hərbi qulluqçulardır”, - deyə məlumatda bildirilir.
Komissiyadan bildirilib ki, 2021-ci ilin noyabr-dekabr aylarında Azərbaycan qarşı tərəfə 21 nəfər erməni əsilli hərbi qulluqçunu qaytarıb.*
X.Nəsirzadə