2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
“2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq. Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir”, - bəyanatda vurğulanır.
AMB qeyd edir ki, aparıcı maliyyə təsisatlarının konsensus-proqnozuna əsasən, gələn il neftin orta qiyməti $70,9. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə, $64,5 təşkil edəcək.
AMB-nin məlumatına görə, 2021-ci ilin 9 ayı ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $3,9 milyard və ya QDM-in təxminən 11%-ni təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda ÜDM-in nominal həcmi 86,6 milyard manat səviyyəsində proqnozlaşdırılır (cari məzənnə ilə $50,9 milyard – İF). **
A.Əzizov