Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə pul siyasətinin başlıca məqsədini ölkədə inflyasiya səviyyəsinin 4±2% hədəf diapazonuna doğru azalmasını müəyyən edib.
“2022-ci ildə də pul siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq. Bu məqsədə nail olmaq başlıca olaraq qeyri-monetar amillərdən - dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq”, - AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
AMB qeyd edir ki, 2021-ci ilin 11 ayı ərzində Azərbaycanda orta illik inflyasiya 6,2%, 12 aylıq – 11,1%, orta illik baza inflaysiyası – 3,9% təşkil edib. “Yenilənmiş son inflyasiya proqnozlarına görə baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək”, - bank qeyd edir.
AMB-dən bildirilir ki, situasiya qeyd olunan baza ssenaridən kənarlaşdığı təqdirdə pul siyasətinin daha sərt rejimə keçirilməsi zərurəti yarana bilər.
Bəyanatda qeyd olunur ki, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin təkmilləşdirilməsi uzunmüddətli dövrdə hibrid inflyasiya hədəflənməsi rejiminə şərt əsaslı mərhələli keçid strategiyası çərçivəsində həyata keçiriləcək. “Bunun üçün ilkin olaraq yeni rejimə keçidlə bağlı zəruri hazırlıq işləri görüləcək, baza şərtlərin reallaşması başlıca prioritet olacaq”, -bankdan vurğulanır.
Bank bildirir ki, 2022-ci ildə faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici və daxili xərc amillərinin inflyasiyaya transmissiyası, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.
AMB 2022-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla aşağıdakı qrafiklə ictimaiyyətə təqdim edəcək: 28 yanvar, 18 mart, 29 aprel, 17 iyun, 29 iyul, 16 sentyabr, 28 oktyabr və 16 dekabr.
2020-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. Azərbaycan hökuməti bunu idxal inflyasiyası, həmçinin emerji daşıyıcılarına və ölkə daxilində MKT xidmətlərinin qiymətlərinin artımının müəyyən təsiri ilə əlaqələndirir.
2021-ci ilin yekunları üzrə Azərbaycan hökuməti orta illik inflyasiyanı 6%, 2022-ci ildə 4%;-dək azalmasını proqnozlaşdırır.
AMB-nin qiymətləndirmələrinəgörə, 2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,3%-6,6%, illik – 11,4%-11,9% təşkil edəcək. **
A.Əzizov