Azərbaycan Baş Prokurorluğu Ağdam rayonunda "Bakcell" MMC-nin əməkdaşının yaralanması faktı ilə əlaqədar cinayət işi başlayıb.
“Dekabrın 29-u saat 16:00 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Anar Rəhimli odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb”, - Baş Prokurorluqdan məlumat verilir.
Məlumata görə, ilkin araşdırmalarla Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri (Qarabağda Rusiya sülhməramlı kontingentin müvəqqəti dislokasiyası zonasında - İF) tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
“Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb», - məlumatda deyilir.
Öncə məlumat verilib ki, Rəhimli qolundan yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur. **
B.Rüstəmbəyov