Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə bank sisteminin inkişafı üzrə prioritetləri müəyyənləşdirib.
“Maliyyə sabitliyinin təmin olunması istiqamətində 2022-ci il üzrə əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaqdır. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcək”, - AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, AMB qeyd edir ki, biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcək. “Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur”, - bankdan vurğulanır.
O cümlədən, bank hesab edir ki, agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verəcək. “Alternativ maliyyələşmənin inkişafı üçün hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılması işləri davam etdiriləcək”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə