Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə Rəqəmsal Valyutasının tətbiqi üzrə işlərin əsas istiqamətlərini müəyyənləşdirib.
“Sürətli ödənişlər sisteminin gələcək inkişafının pul siyasəti və maliyyə vasitəçiliyi üçün əhəmiyyətini nəzərə alaraq Mərkəzi Bankın Rəqəmsal Valyutasının (MBRV) ortamüddətli dövrdə tətbiqi imkanlarının qiymətləndirilməsi bir neçə istiqamətdə davam etdiriləcəkdir: rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi; maraqlı tərəflərin prosesə cəlb olunması; qanunvericilik bazasının formalaşdırılması; yeni nəsil texnologiyadan istifadə potensialı; bazarın hazırlıq səviyyəsi”, - Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bundan əlavə AMB qeyd edir ki, rəqəmsal ekosistemin inkişaf etdirilməsi məqsədilə tədbirlər davam etdiriləcək. Xüsusilə, tənzimləyici tədbirlər çərçivəsində şəhər və rayonlarda ictimai nəqliyyatda gediş haqlarının innovativ ödəniş alətləri (bank kartları və mobil bankçılıq həlləri) vasitəsilə qəbulu imkanlarının genişləndirilməsi, təsərrüfat subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, POS-terminalların quraşdırılması mümkün olmayan yerlərdə QR kod ödəniş həllərinin qəbulu imkanlarının yaradılması kimi layihələri qeyd edib. **
X.Nəsirzadə