2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsilə 1,1 milyard manatlıq ($647 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə əməliyyatların həcmi 2,7 dəfə artıb.
Mərkəzi Bankın dəqiqləşdirilmiş məlumatına əsasən, yanvar ayında aparılan əməliyyatların həcmi 72,2 milyon manat, fevralda 112,2 milyon manat, martda 93,2 milyon manat, apreldə 64 milyon manat, mayda 81,3 milyon manat, iyunda 90 milyon manat, iyulda 95,1 milyon manat, avqustda 104,2 milyon manat, sentyabrda 124,3 milyon manat, oktyabrda 124,4 milyon manat, noyabrda – 151,1 milyon manat (ilin əvvəlindən maksimum aylıq həcm - İF) təşkil edib.
2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat ($253,1 milyon) təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır. Azalma koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə şərtlənib.**
B.Rüstəmbəyov