2021-ci ilin yanvar-noyabr aylraı ərzində Azərbaycanda 25,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,3% azdır. Bu barədə Eneregtika Nazirliyindən məlumat verilir.
“Hesabat dövründə kondensatla birlikdə neftin ixracının ümumi həcmindən 24,5 milyon tona yaxın AÇG blokundan neftin və Şahdəniz yatağından kondensatın, 1,2 milyon tondan çoxu isə SOCAR-ın payına düşür”, - nazirlikdən qeyd olunur.
Məlumata əsasən, 2021-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda 31,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 0,1%). Neft hasilatının 20,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,2 milyon ton təşkil edib.
Həmçinin, Azərbaycanda neftin emalı 2021-ci ilin yanvar-noyabr aylarında 6,1 milyon ton təşkil edib (artım 14,2%).
Nazirlikdən məlumat verilib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2021-ci il tarixinədək 578,6 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 544,6 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 34 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 dekabr tarixinədək təqribən 578,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,83%), “Petronas” (15,5%), SOCAR (16,67%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Həmçinin “Petronas” layihədə payının satışına dair razılığa gəlib. Payı LUKOİL (9,9%), SOCAR (4,35%) və BP (1,16%) alacaq. Əqdin 2022-ci il yanvarın sonunadək bağlanması planlaşdırılır.**
N.Abbasova