Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının əsgəri öz xidməti silahından atəş açmaqla 3 nəfər hərbi qulluqçunu öldürüb. Bu barədə DSX-nin məlumatında deyilir.
“Yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb”, - deyə məlumatda bildirilir.
Hadisə ilə əlaqədar Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.*
A.Salayeva