Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarına qiymətlərlə əlaqədar sui-istifadə hallarının yolverilməzliyi barədə xəbərdarlıq edib.
"Məlumdur ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur", - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilir.
Bununla əlaqədar Xidmət nəzarət tədbirlərini daha da gücləndirib və taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilib. Görüşlər zamanı onlara vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Dövlət Xidməti bəyan edir ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.
Xəbər verildiyi kimi, dünya bazarlarında taxılın bahalaşması fonunda yerli iri un və çörək istehsalçıları çörəyin qiymətində 10-15 qəpik artım barədə bəyan ediblər. Vəziyyətin tənzimlənməsi məqsədilə hökumətə taxıl idxalçıları, həmçinin un və çörək istehsalçılarının subsidiyalaşması mexanizminin müddətinin uzadılması təklif olunub. **
B.Rüstəmbəyov