2022-ci ildə Paris Azərbaycanın azad edilmiş ərazilərinin – Qarabağ və Şərqi Zəngəzurun bərpası sahəsində Bakı ilə əməkdaşlıq edəcək. Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross bəyan edib.
“Fransa səfirliyi 2022-ci ildə əməkdaşlıq imkanlarının, o cümlədən minaların təmizlənməsi, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməkliyi və xüsusən də Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz təcrübəsini və maliyyəsini təklif etdiyi Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirəcək”, - Fransanın Azərbaycandakı səfirliyinin rəsmi saytında səfirin dərc olunan bəyanatında deyilir.
Bundan başqa, Paris təhsil sahəsində əməkdaşlığın davam edəcəyinə ümid edir.
Qrossun qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri son bir ildə möhkəmlənib. “Fransanın növbəti altı ayda sədrlik edəcəyi Avropa İttifaqı ilə Azərbaycan əlaqələri son bir ildə, o cümlədən dekabrın 10-da keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində möhkəmlənib. Avropa İttifaqının 27 dövləti Azərbaycana regional bağlantı, davamlı inkişaf, iqtisadiyyatın şaxələndirilməsi naminə konkret öhdəliklərlə dərin əməkdaşlıq təklif edir. Bu əməkdaşlıq böyük beynəlxalq çağırışlarla üzləşən daha suveren Avropa və Azərbaycan Respublikasına xidmət edə bilər və etməlidir”, - diplomat qeyd edib.
Həmçinin səfir, Azərbaycan müstəqilliyini bərpa etdikdən etibarən əldə etdiyi uğurları qeyd edib. “Azərbaycan indi daha inklüziv, daha sosial, daha demokratik, innovativ və kreativ cəmiyyətə doğru irəliləmək üçün resurslara malikdir. O, Ermənistanla sülh təşəbbüsü həyata keçirməklə, iqlim dəyişikliyi və COVID-19 ilə mübarizə səylərini birləşdirməklə, biomüxtəlifliyin qorunması, qadın hüquqlarının təşviqi və kiber-təhlükəsizlik təşəbbüsləri ilə regional və beynəlxalq təhlükəsizliyin təminatçısı olmaq vasitələrinə malikdir”, - Qross vurğulayıb. **
E.Şəfiyev