SOCAR 2022-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
““Transneft” şirkəti ilə 2022-ci ildə Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin ixrac edilməsi haqqında müqavilə bağlanıb. Bu il sözügedən kəmərlə 1,2 milyon ton Azərbaycan neftinin nəql edilməsi planlaşdırılır”, - deyə İ.Əhmədov bildirib.
O qeyd edib ki, cari ilin I rübündə SOCAR Novorossiysk istiqamətində 320 min ton Azərbaycan nefti ixrac edəcək.
SOCAR 2021-ci ildə Bakı-Novorossiysk kəməri ilə 1 milyon 7,46 min ton neft (artım 64,3%) ixrac edib. Dekabrda bu marşrutla 84,76 min ton Azərbaycan nefti ixrac edilib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.*
N.Abbasova