“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) tərəfindən 2021-ci ildə 62 yeni investisiya layihəsinə baxılıb, layihələrdən 5-i təsdiq edilib.
“Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür”, - deyə şirkətin məlumatında bildirilir.
Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib.
“Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 milyon manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.*
B.Rüstəmbəyov