2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $6 milyard 853,193 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 79,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“ARDNF 2021-ci ildə AÇG blokundan hasil edilən mənfəət neftinin satışından $5 milyard 968,4 milyon gəlir (artım 69,4%) əldə edib”, - deyə məlumatda bildirilir.
2021-ci ildə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $884,793 milyon gəlir (artım 3 dəfə) əldə edib. Fondun kondensat satışından gəlirləri $302,817 milyon (artım 35,5%), qaz satışından gəlirləri $581,976 milyon (artım 8,3 dəfə) təşkil edib.
Fondun məlumatına görə, 2001-ci ildən 1 yanvar 2022-ci il tarixinədək AÇG blokundan hasil edilən mənfəət neftinin satışından ARDNF-ə $155 milyard 373 milyon, 2007-ci ildən 1 yanvar 2022-ci il tarixinədək “Şahdəniz” yatağından hasil edilən mənfəət qazı və kondensat satışından $4 milyard 551 milyon məbləğində vəsait daxil olub.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,83%), “Petronas” (15,5%), SOCAR (16,67%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. “Petronas” şirkəti layihədəki payının satışı ilə bağlı razılığa gəlib. “Lukoil” “Petronas”dan 9,9%, SOCAR 4,35%, BP isə 1,16% pay alacaq. Sövdələşmənin 2022-ci ilin yanvar ayının sonunadək bağlanması planlaşdırılır.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova