Şənbə günü Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub», - MN-dən bildirilir.
Məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. **