Cənubi Qafqaz stabillik adasına çevrilməlidir. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərlə söhbət zamanı bəyan edib.
“Cənubi Qafqazda məqsədimiz - davamlı sülh və sabitliyə nail olmaqdır. Türkiyə və Azərbaycan prezidentləri Ermənistana sülh əlini uzadıblar. Ümid edirik ki, İrəvanda bu jesti layiqincə dəyərləndirəcəklər. Bu məsələ yalnız Azərbaycan və Ermənistana deyil, bütövlükdə bölgəyə aiddir. Cənubi Qafqaz stabillik adasına çevrilməlidir”, - Anadolu agentliyi Akarın sözlərindən sitat gətirir.
Nazir xatırladıb ki, 2021-ci il yanvarın 30-dan etibarən Azərbaycanda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. “Biz məsələyə müsbət yanaşırıq. Atəşkəsin pozulması hallarının sayı azalır. Sabitlik səviyəsinin artacağına ümid edirik. Türkiyə və Rusiyanın birgə addımları sülhə və atəşkəs rejiminin davamlılığına töhfə verir”, - Hulusi Akar bəyan edib. **